Tam elektrikli avtomobil istehsalı şirkətinə çevrilmək istiqamətində sürətlə irəlilədiyimiz üçün batareyaların həm inkişafı, həm də istehsalını özümüzə yaxınlaşdırırıq.
Batareyaların döşəməyə birləşdirilməsi avtomobilin möhkəmliyini, səmərəliliyini və tutumunu artıra bilər.
Tam elektrikləşdirməyə gedən yolda diqqətimizi batareya təchizatı zəncirini mümkün qədər intellektual və səmərəli etmək üçün onun hər bir mərhələsinin öz əməliyyatlarımıza inteqrasiyasına yönəldirik. Buna batareyaların, elektrik mühərriklərinin və müvafiq proqram təminatının öz zavodlarımızda layihələndirilməsi, inkişaf etdirilməsi və istehsalı, o cümlədən müvafiq hallarda strateji tərəfdaşlarla əməkdaşlıq daxildir.
Bizim yeni nəsil tam elektrikli avtomobillər üçün iddialı planlarımız var və gələcək batareyaların müştərilərin ehtiyaclarına uyğun olaraq hazırlanmasını, daha uzun istismar müddətinə və daha tez şarj müddətinə malik olmasını istəyirik.
Bunun üçün biz başdan-ayağa sırf elektriklə çalışan avtomobil kimi istehsal olunan ilk SUV avtomobilimizdən başlayaraq elektrik avtomobillərimizin növbəti nəslində litium-ion batareya texnologiyasını təkmilləşdirəcəyik.
Biz iyun ayında dayanıqlı batareyalar istehsal etmək üçün İsveçin aparıcı batareya istehsalı şirkəti "Northvolt" ilə əməkdaşlığın nəzərdə tutulduğunu elan etmişdik. Yaxın gələcəkdə batareyalarımızda enerji sıxlığını (yəni batareyanın həcmi və ya kütləsinə nisbətdə onun tərkibində olan enerjinin miqdarı) 50 faiz artırmaq üçün "Northvolt"la əməkdaşlığı planlaşdırırıq.
2020-ci illərin ortalarına qədər biz elektrik avtomobillərimizin üçüncü nəslini təqdim etməyi nəzərdə tutmuşuq. Bu nəsil avtomobillərdə həm maksimal məsafəni artırmaq, həm də batareyanı avtomobilin döşəməsinə birləşdirmək istəyirik: ikincinin sayəsində yerə qənaət edilməklə yanaşı, səmərəlilik də artacaqdır.
Təxminən eyni zamanda daha yaxşı batareya texnologiyası, proqram təminatı və sürətlə şarj olunma texnologiyasına daim edilən yeniliklər sayəsində cari cari şarj müddətlərinin yarıya qədər azalacağı gözlənilir. 2020-ci illər üzrə planlarımızı tamamlamaq üçün bu onillikdə 1000 km-lik real sürüş məsafəsinə nail olmaq istəyirik.
"Biz sırf elektriklə çalışan "Volvo" avtomobilinin idarəsinin müştəriyə verdiyi faydalarını daim artırmaq istəyirik," baş texnologiya direktoru Henrik Qrin deyib. "Batareya elementlərimizin dizaynı və inteqrasiyasını sadələşdirməklə çəkini azalda və tutumu artıra bilərik ki, bu da batareyanın tutumu, istismar və şarj müddətini ciddi şəkildə artıracaqdır."
"Biz bu onillikdə 1000 km-lik real sürüş məsafəsinə nail olmaq istəyirik"
Növbəti onillikdə avtomobillərimizdə batareya enerjisindən istifadə genişləndirməklə yanaşı, batareyalarımızın karbon təsirlərini də azaltmağa çalışırıq. "Northvolt"la nəzərdə tutulmuş əməkdaşlıq çərçivəsində məqsədimiz tam olaraq bərpa olunan enerjidən istifadə edərək batareya elementləri istehsal etməkdir və bunu 2025-ci ilə qədər reallaşdırmaq üçün digər batareya təchizatçılarımız ilə əməkdaşlıq edirik.
Batareyaların karbon təsirlərinin azaldılması həmçinin onların tərkibindəki dəyərli materialdan daha yaxşı istifadəni nəzərdə tutur. Mümkün olduğu zaman batareyaları təkrar istehsal və ya istifadə etmək istəyirik və həmçinin enerjinin saxlanması kimi potensial istismar sonrası tətbiqlərə yatırım edirik.
Mümkün olduqda istismar müddəti bitən batareyalar gələcək batareyalarda istifadə üçün kritik materialların qapalı təkrar emalını təklif edə bilən səlahiyyətli müəssisələr tərəfindən təkrar emal olunacaqdır. Biz həmçinin diqqətimizi tərəfdaş və təchizatçılarımızla sıx əməkdaşlıq edərək, o cümlədən blokçeyn texnologiyasından daha geniş istifadə yoluyla batareyaların məsuliyyətli şəkildə satın alınmasına cəmləməyə davam edəcəyik.
Bu onilliyin sonlarına yaxın bir litrdə 1000 Vat/saat enerji sıxlığı rekordını qırmaq və 1000 km-lik real sürüş məsafəsinə nail olmaq istəyirik.
XC90-ın xələfindən başlayaraq ikitərəfli şarj imkanı təklif etməklə, müştərilərin batareyadakı artıq enerjini enerji şəbəkəsinə ötürməsinə imkan verəcəyik. Bu, o deməkdir ki, elektrikli "Volvo" avtomobili sürücüləri qiymətlər və elektrik istehsalı ilə bağlı karbon emissiyaları gündəlik pik həddə çatdıqda enerjini şəbəkəyə ötürməklə emissiyalar azalan zaman avtomobili şarj edə biləcəklər.
"Biz öz müştərilərimizə onların həyatını asanlaşdıran və onlara daha çox zövq verən dayanıqlı tam elektrikli avtomobillər təklif etmək istəyirik," baş texnologiya direktoru Henrik Qrin deyib. "İntellektual innovasiyalar və əsas tərəfdaşlarla əməkdaşlıq sayəsində müştərilərimizə daha uzun maksimal məsafə, daha sürətli şarj olunma və daha aşağı qiymətlər kimi arzuladıqları xüsusiyyətləri verə, eləcə də elektrikli hərəkətliliyin daha geniş qəbul olunmasını daha da sürətləndirə bilərik."
Nəzərinizə çatdırırıq ki, təsvir olunan funksiyalar seçimdən asılıdır və müştəriyə verilən konkret təklif bir ölkədən digərinə dəyişə və ya bütün bazarlarda mövcud olmaya bilər. Əlavə məlumat üçün yerli bazar nümayəndənizlə əlaqə saxlayın.