Yeniliklər avtomobilin eksteryer və interyer dizaynından tutmuş multimedia sisteminə, qabaqcıl sürücüyə yardım texnologiyalarına və aktiv təhlükəsizlik sistemlərinə qədər geniş sahələri əhatə edir.
Gəlin, avtomobilin xarici görünüşündən başlayaq. Yenilənmiş eksteryer dizaynı yeni 40 seriyası modellərinə daha inamlı və müasir görünüş bəxş edir. Ən diqqətçəkən yeniliklərdən biri Volvo-nun ikonik işıq imzasının daha zərif şəkildə təqdim olunduğu, yenilənmiş dizayna malik Thor’s Hammer Matrix LED faralarıdır. Təkmilləşdirilmiş radiator barmaqlığı, yenidən dizayn edilmiş ön bamper, kapot və ön qanadlar Volvo Cars-ın Skandinaviya dizayn fəlsəfəsini yeni və zərif üslubda əks etdirir.
Arxa hissədə XC40 və EX40 modelləri yeni LED arxa fənərlər, təkmilləşdirilmiş baqaj qapağı və yenidən dizayn edilmiş arxa bamperlə seçilir. EC40 isə özünəməxsus arxa dizaynını qoruyub saxlayır. XC40 modeli həmçinin almaz naxışlı yeni 18, 19 və 20 düymlük yüngül lehimli disklərlə təklif olunur.
“40 seriyası avtomobillərimizin dizaynını, texnologiyalarını və təhlükəsizlik xüsusiyyətlərini təkmilləşdirərək, bu modellərin indiyədək ən yaxşı versiyalarını yaratmışıq”,– Volvo Cars-da 30 və 40 seriyalarına müvəqqəti rəhbərlik edən Axil Krişnan bildirib. “Artıq populyarlıq qazanmış bu modellər qarşıdakı illərdə də ən çox satılan avtomobillərimiz sırasında yer almağa davam edəcək.”
İntuitiv idarəetmə və çoxfunksiyalı interyer
Avtomobilin interyeri daha böyük, yüksək görüntü keyfiyyətinə malik yeni 11,2 düymlük ekranla təkmilləşdirilib. Bu yenilik Volvo Cars-ın ən son istifadəçi interfeysi ilə daha müasir təcrübə təqdim edir. Yenilənmiş ekran avtomobilin funksiyalarından istifadəni daha sürətli və rahat edir. Əsas funksiyalara daha az toxunuşla daxil olmaq mümkündür ki, bu da gündəlik sürüş zamanı daha intuitiv, rahat və fasiləsiz qarşılıqlı əlaqəni təmin edir.
Google-un yeni nəsil süni intellekt köməkçisi Google Gemini ilə təchiz edilmiş yeni 40 seriyası modelləri, daxili Google xidmətləri sayəsində avtomobilinizlə təbii şəkildə ünsiyyət qurmağa imkan verir. Səyahətlərin planlaşdırılmasından və yolboyu maraqlı dayanacaq yerlərinin tapılmasından tutmuş hərəkət zamanı mesajların idarə edilməsinə qədər Google Gemini gündəlik danışıq dilini asanlıqla anlayır.
Gündəlik istifadə rahatlığı nəzərə alınaraq dizayn edilmiş interyer əşyaların saxlanılması üçün praktik bölmələri və yenilənmiş simsiz telefon şarj cihazı kimi düşünülmüş funksional həlləri özündə birləşdirir. Bu isə səyahət zamanı daha çox rahatlıq təmin edir. Gərgin iş günlərindən tutmuş həftəsonu planlaşdırılmamış qısa səfərlərə qədər çoxfunksiyalı salon sürücülərin və onların ailələrinin dəyişən ehtiyaclarına asanlıqla uyğunlaşır.
Salonun yenilənməsi çərçivəsində rahatlığı artırmaq və interyerin dizaynını daha da təkmilləşdirmək üçün yeni premium üzlük materialları və dekorativ tərtibat variantları da təqdim olunur. XC40 müştəriləri ilk dəfə olaraq interyerdə Brown Ash ağac dekoru ilə uyğunlaşdırılmış Arianne Cardamom dəri üzlüyünü seçə biləcəklər. Avtomobilin salonunda həmçinin təkmilləşdirilmiş işıqlandırma, eləcə də Black Ash ağac və ya alüminium dekor elementləri təklif olunur. Bu yeniliklər interyerə müasir və zərif görünüş bəxş edir.
Ən vacib olanı qorumaq
Volvo Cars-ın real yol şəraitində apardığı araşdırmalar nəticəsində əldə etdiyi qabaqcıl təhlükəsizlik təcrübəsinə əsaslanan yeni 40 seriyası avtomobilləri toqquşmaların qarşısını almağa və insanları qorumağa kömək edən müasir təhlükəsizlik texnologiyaları ilə təchiz olunub. Potensial toqquşma təhlükəsi aşkar edildikdə, avtomobil real vaxt rejimində reaksiya verərək sürücünü xəbərdar edə və ya toqquşmanın qarşısını almaq, yaxud onun təsirini azaltmaq üçün avtomatik müdaxilə edə bilər. İstər avtomatik təcili sükan müdaxiləsi ilə təhlükədən yayınmaq, istərsə də avtomatik təcili əyləcləmə ilə dərhal dayanmaq lazım gəlsin, bu sistemlər hər bir vəziyyətdə ən təhlükəsiz hərəkətin seçilməsinə kömək etmək üçün nəzərdə tutulub.
Bu təkmilləşdirilmiş təhlükəsizlik imkanları yeni nəsil proqram təminatı və sensor platforması sayəsində mümkün olub. Yeni ön və künc radarları, ön kamera, arxa künc radarları, 12 yeni ultrasəs sensoru və parklanma kameraları avtomobilə ətraf mühiti daha əhatəli şəkildə izləməyə imkan verir. Bu isə sürücülərin sükan arxasında özlərini daha inamlı hiss etmələrinə kömək edir.
Təkmilləşdirilmiş platforma həmçinin bir sıra yeni və yenilənmiş təhlükəsizlik və sürücüyə yardım funksiyalarının tətbiqinə imkan yaradır:
- Qapının açılması barədə xəbərdarlıq sistemi yaxınlıqdan keçən nəqliyyat vasitələrinə doğru qapı açılmazdan əvvəl avtomobildəki şəxsləri xəbərdar edərək velosipedçilərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etməyə kömək edir.
- Əlavə seçim kimi təklif olunan Pilot Assist sistemi hərəkət zolağının dəyişdirilməsinə yardım funksiyası ilə genişləndirilib və yolun istiqamətini daha rəvan izləmək üçün təkmilləşdirilib. Bu yeniliklər uzun səfərlər zamanı sürücüyə əlavə dəstək və daha yüksək rahatlıq təmin edir.
- Əlavə seçim kimi təklif olunan 360 dərəcəlik kamera sistemi 3D görüntü funksiyası ilə təkmilləşdirilib. Bu funksiya parklanmanı və aşağı sürətlə manevr etməyi asanlaşdırır.
Tam elektrikləşmiş gələcəyə doğru
seriyası avtomobillərimiz tam elektrikləşməyə doğru keçiddə mühüm rol oynayır. Tam elektrikli avtomobillərə keçməyə hazır olanlar üçün Volvo EX40 və EC40 modelləri bir dəfə tam şarj edildikdə müvafiq olaraq 575 km və 584 km-ə qədər yürüş məsafəsi təklif edir. Yeni Volvo XC40, EX40 və EC40 modelləri isə müntəzəm olaraq simsiz proqram təminatı yeniləmələri (OTA) sayəsində zamanla daha da təkmilləşir. Bu yeniləmələr artıq istifadədə olan avtomobillərə yeni proqram təminatı və funksiyalar əlavə edir.
Black Edition versiyası da daxil olmaqla, yeni Volvo 40 seriyası avtomobilləri üçün sifarişlərin qəbulu bu gündən etibarən seçilmiş bazarlarda başlayır. Avtomobillərin istehsalına isə bu payızın sonlarına doğru başlanılması nəzərdə tutulur.
Kiçik çap
Göstərilən yürüş məsafəsi üzrə məlumatlar ilkin xarakter daşıyır və müəyyən sınaq şəraitində WLTP standartlarına uyğun aparılmış testlərin nəticələrinə əsaslanır. Faktiki yürüş məsafəsi batareyanın şarj səviyyəsindən, avtomobilin texniki xüsusiyyətlərindən, xarici havanın və batareyanın temperaturundan, hava şəraitindən, yolun relyefindən, sürücülük tərzindən və avtomobilin hərəkət sürətindən asılı olaraq dəyişə bilər.
- Yuxarıda qeyd olunan funksiya və xidmətlərin mövcudluğu bazardan asılı olaraq dəyişə bilər. Qeyd olunan bəzi funksiya və xidmətlər əlavə seçim kimi təklif olunur və onların istifadəsi üçün müştərinin razılığı tələb olunur.
- Google və Gemini Google LLC şirkətinin ticarət nişanlarıdır. Bəzi qoşulmuş tətbiqlərin istifadəsi üçün ilkin quraşdırma tələb olunur. Uyğunluq və əlçatanlıq fərqli ola bilər. 18+


